13.06.2017

25 il öncə baş vermiş yay hücumunun detalları — Əməliyyatın iştirakçısı şərh edir

12 iyun 1992-ci ildə ordumuzun həyata keçirdiyi genişmiqyaslı hücumdan 25 il ötür.

12 iyun 92-ci il ordumuzun başladığı genişmiqyaslı hücum cəmiyyətimizdə "Ağdərə əməliyyatı" kimi tanınsa da, yay hücum əməliyyatı "Əsgəran və Şaumyan əməliyyatlarından" və ayrıca "Ağdərə əməliyyatından" ibarət olub.

Şaumyan (Ağcakənd) əməliyyatının məqsədi erməni qəsbkarlarının 1992-ci ilin may ayında Şuşa və Laçının işğalından sonra Şaumyandan Göygöl rayonunun Çaykənd-Toğana və Çaykənd- Hacıkənd istiqamətində hazırladıqları hücumlarının qarşını almaq, orada cəmləşdirilmiş qüvvələrə qabaqlayıcı zərbə endirməklə düşmənin bu istiqamətdə hücum planlarını pozmaq olub.
Hücumun əsas istiqaməti Şaumyan olmaqla, əməliyyat iyunun 12-si Ağdamdan Əsgərana yayındırıcı hücumla başlanıb.

"Ölkə.Az" saytının xahişi ilə həmin əməliyyatların iştirakçısı, ehtiyatda olan zabit-tankçı Nazim Bayramov əməliyyatla bağlı detalları oxuculara təqdim edir.

Əməliyat planı 1992-ci ilin mayın sonu, iyunun əvvəli Baş Qərargahın müavini Milli Qəhraman (ölümündən sonra) polkovnik-leytenant Şikar Şikarov, briqada komandiri Nəcməddin Sadıkov tərəfindən və briqada komandiri Elxan Orucovun, ilk pilotumuz Şəhid Vaqif Qurbanovun, hücumda əsas zərbə qüvvəsi olan 123-cü alayın tank batalyonu komandiri və Ağdamın və Göranboyun iri könüllü dəstələrinin komandirlərinin iştirakı ilə Surət Hüseynovun ümumi rəhbərliyi altında tam məxfi şəraitdə hazırlanıb.

12 iyun-16 iyun 1992 il Əsgəran əməliyyatı:

Əsgəran istiqamətində hücuma bilavasitə rəhbərliyi 708-ci (Ağdam) briqadanın komandiri p/l-nt Elxan Orucov edib.
Bu istiqamətdə hücuma keçmiş qüvvəllər:

1. 708-ci briqada- komandir Elxan Orucov;

2. Ağdam özünümüdafiə 836 saylı alayı- komandir Azərbaycanın Milli Qəhramanı (ölümündən sonra) polkovnik-leytenant Şirin Mirzəyev;

3. “Qatır Məmməd” adına Ağdam özünümüdafiə batalyonu- komandir Yaqub Rzayev;

4. “Eldar Bağırov” adına Ağdam özünümüdafiə batalyonu- komandir Azərbaycanın Milli Qəhramanı (ölümündən sonra) Allahverdi Bağırov;

5. Ağdam mühəndis-istehkam batalyonu- komandir Azərbaycanın Milli Qəhramanı (ölümündən sonra) Asif Məhərrəmov;

6. Ağdam polis batalyonu- komandir Faiq Baxşəliyev;

7. 123-cü alayın 1-ci batalyonu- komandir Xosrov Əhmədov;

8. 820 saylı Lənkəran batalyonu- komandir Mikail Hacıyev;

9. Daxili qoşunlar alayı- komandir polkovnik Sabir Şabanov.

Əməliyyat nəticəsində qoşunlarımız irəliləyərək, bir sıra mühüm yüksəklikləri və Naxçivanik, Pircamal, Aranzəmin, Xramurd, Dəhraz, Ağbulaq kəndlərini düşməndən azad ediblər.

Bu döyüşlərdə batalyon komandiri Milli Qəhraman (ölümündən sonra) Allahverdi Bağırov, SU-25 təyyarəsini idarə edən ilk pilotumuz baş leytenant Vaqif Qurbanov, telejurnalist Milli Qəhraman (ölümündən sonra) Çingiz Mustafayev və başqa, daha az tanınmış, Azərbaycanın qeyrətli oğulları Şəhid olublar.

13-16 iyun 1992-ci il Şaumyan əməliyyatı:

Hücum üç istiqamətdən həyata keçirilib.

1. Gürzalılar- Şaumyan

2. Zeyvə-Şaumyan

3. Hacıkənd-Gülüstan

Birinci istiqamətdə hücuma keçən qüvvələr:

123-cü alayın tank batalyonu- komandir kapitan Nazim Bayramov və 1-ci Göranboy batalyonu- komandir Milli Qəhraman Məhəmməd Həsənov.

İkinci istiqamətdə:

2-ci Göranboy batalyonu- komandir Azərbaycanın Milli Qəhramanı Rasim Əkbərov;

Üçüncü istiqamətdə:

123-cü alayın tank bölüyü- tank batalyonun qərargah rəisi baş leytenant Altay Bayramovun rəhbərliyi ilə, Gəncə özünümüdafiə batalyonu- komandir Şəhid Mehman Ələkbərov, Gəncə OMON bölüyü- komandir baş leytenant Tahir Süleymanov; Xanlar batalyonu- komandir Saleh İlyasov.

Hücum nəticəsində Ağcakənd (Şaumyan) rayonunun Rus Borisı, Erməni Borisı, Xarxaput, Yuxarı Ağcakənd, Gülüstan kəndləri və Şaumyan (Ağcakənd) şəhəri azad edilmişdir.

Ağdərənin Talış kəndi də bu hücum zamanı iyunun 16-sı azad edilmişdir.

13 iyun 92-ci ildə Torpaq-Təpə yüksəkliyində Baş Qərargahın rəis müavini polkovnik-leytenant Şikar Şikarov Şəhid olub (Ölümündən sonra Azərbaycanın Milli Qəhramanı adına layiq görülüb).

Əsgəran-Şaumyan əməliyyatı nəticəsində Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün döyüş vəzifələrini müvəffəqiyyətlə yerinə yetirmişdi. Bununla Ağdərə hücum əməliyyatını həyata keçirmək üçün əlverişli şərait yaradılmışdır.

Bəzi üzdəniraq siyasətbazlar və təbliğatçılar özlərinin dar siyasi maraqları xətrinə bu hücumlarda yabançı birliklərin rolunu əsassız şişirdərək, Azərbaycan əsgərinin zəhmətinə və şücaətinə kölgə salmağa cəhd edirlər.

1992-ci ilin bütün hücumlarının iştirakçısı kimi tam məsuliyyətlə bildirirəm, Azərbaycan ordusunun 92-ci il uğurlu yay-payız kampaniyasında rusların əsas rolu bizə sursat satmaqdan ibarət olub. Silah, artilleriya və texnika 12 may 92-ci il tarixli Daşkənd sazişi əsasında bizə verilsə də, bu prosesin rus h/h komandirləri tərəfindən tezləşdirilməsi və təhvil aldığımız texnika və avadanlığı sıradan çıxarmamaları üçün külli miqdarda rüşvət verilmişdi, sursatı isə ruslar bizə hələ daha iki ay pulla satıblar. Rusların döyüşlərdə bölmə şəklində iştirakı yalnız 14 iyun səhər saat 7:00-dan 14:00-a qədər fasilələrlə Şaumyanın Rus və Erməni Borisı kəndlərindəki düşmən mövqelərini verdiyimiz koordinatlarla minaatanlardan atəşə tutmaqdan ibarət olmuşdu. Saat 14:00-da onlar texnikalarını düzüb daimi dislokasiya yerinə qayıtdılar. 14-15 iyunda Şaumyan şəhərinə hücumda ordu bölmələrimizdən və yerli özünümüdafiə batalyonlarından başqa heç bir yabançı qüvvə iştirak etməyib.

Şaumyandan sonrakı Ağdərə əməliyyatında və sonralar rus bölmələri heç bir döyüşdə iştirak etməyiblər, çünki artıq öz artilleriyamız da cəbhəyə gəlib çıxmışdı.

16 iyun 1992-ci ildə Əsgəran-Şaumyan əməliyyatının davamında Ağdərə hücum əməliyyatı başladıldı.

16 iyun-9 iyul 1992-ci il Ağdərə əməliyyatı.

1992-ci il Azərbaycan Ordusunun keçirdiyi hücum əməliyyatlarının strateji hədəfi - Qarabağ Hərbi Əməliyyatlar Səhnəsində mühüm hərbi əhəmiyyəti olan Qarabağ Dağ Silsiləsinin 1992-ci ilin noyabrına qədər tutulması idi. Bu, keçmiş DQMV-nin əhalisinin ən sıx yaşadığı Ağdərə, Əsgəran, Xocalı, Xankəndi rayonları üzərində bizim hərbi nəzarətimizi təmin edir, Ermənistanın işğalçı məqsədlərinə çatmasını istisna edir və bununla da, Qarabağ sülh prosesinin Azərbaycan üçün əlverişli hərbi şəraitdə keçirilməsini və nəticələrinin tamamilə Azərbaycanın dövlət maraqlarına uyğun həllini təmin edirdi.

16 iyun 1992-ci ildə Ağdərə əməliyyatı Tərtərdən 3(üç), Ağdamdan 2(iki) və Kəlbəcər istiqamətlərindən düşmənə döyüş aviasiyası, uzaqvuran və reaktiv artilleriya, sarsıdıcı zərbələr endirilməsi və hücumlarla başlandı.

Əməliyyata ümumi rəhbərliyi “Hərbi Birliyin” rəhbəri Surət Hüseynov, bilavasitə rəhbərliyi - Tərtər (əsas) istiqamətində 703-cü briqada komandiri Nəcməddin Sadıkov, Ağdam istiqamətində 708-ci briqada komandiri Elxan Orucov, Kəlbəcər istiqamətində 701-ci briqada komandiri Zaur Rzayev həyata keçirmişdilər.

Ağdərə əməliyyatında iştirak etmiş hissə və bölmələr:

Tərtər-Ağdərə (əsas) istiqamətdə:

- 703 saylı briqada - komandir Nəcməddin Sadıkov;

- 123 saylı zərbə-həmlə alayı - komandir mayor Mehman Şirinov;

- Gəncə özünümüdafiə batalyonu-komandir Mehman Ələkbərov;

- 778 saylı xüsusi təyinatlı batalyon - komandir Viktor Mudrak;

- 235 saylı batalyon - komandir Rəsul Süleymanov;

- 224 saylı batalyon - komandir Camal Məmmədov;

- OMON - komandir Rövşən Cavadov;

- Bərdə özünümüdafiə batalyonu - komandir Elçin Əliyev;

- “Azadlıq” Bərdə özünümüdafiə batalyonu - komandir Ələmşah Məmmədov;

- Mingəçevir-1(MB-1) batalyonu - komandir Alı Yahyayev;

- Mingəçevir-2(MB-2) batalyonu - komandir Şaiq Mustafayev;

- Goranboy-1 batalyonu - komandir Azərbaycanın Milli Qəhramanı Məhəmməd Həsənov;

- Goranboy-2 batalyonu - komandir Azərbaycanın Milli Qəhramanı Rasim Əkbərov;

- Xanlar özünü müdafiə batalyonu - komandir Saleh İlyasov.

Ağdam-Ağdərə istiqamətində:

- 708 saylı briqada - komandir Elxan Orucov;

- 836 saylı Ağdam özünümüdafiə alayı - komandir Azərbaycanın Milli Qəhramanı (ölümündən sonra) Şirin Mirzəyev;

- Daxili Qoşunlar alayı - komandir Sabir Şabanov;

- “Qatır Məmməd” adına Ağdam özünümüdafiə batalyonu - komandir Yaqub Rzayev;

- Ağdam polis batalyonu - komandir Faiq Baxşəliyev;

- 820 saylı Lənkaran alayı - komandir Mikail Hacıyev;

Kəlbəcər-Ağdərə istiqamətində:

- 701 saylı briqada - komandir Zaur Rzayev.

Ağdərə uğrunda döyüşlər zamanı 29 iyun 1992-ci ildə Həsənqaya yaxınlığında Qaradağlıda, Xocalıda, Ağdabanda azərbaycanlı dinc sakinlərinin qətliamını törətmiş ermənilərin elit hərbi dəstəsi sayılan “Arabo” mühasirəyə alınaraq, 5 saat gedən döyüş ərzində məhv edilmişdi.

Mingəçevir batalyonunun 1-ci bölüyünün komandiri Əbdül Əbdürəhmanovun 6 nəfərlik kəşfiyyat qrupu 2 iyul 1992-ci ildə Ağdərənin Maqavuz kəndi yaxınlığında düşmənin arxasına gecə reydi zamanı Ter-Tadevosyanın müavini polkovnik Keroyanın əsir götürmüşdü. Onun sürücüsü və cangüdəni döyüşçülərimiz tərəfindən eyni zamanda və səssiz (bıçaqla) öldürülmüş, polkovnik isə avtomaşınında olan məxfi sənədlər, xəritələr və ABŞ istehsalı olan müşahidə cihazı ilə birlikdə ələ keçirilmişdi.

Ağdərə şəhərini erməni bölmələrilə bərabər, Bakıda 20 Yanvar qətliamını törətmiş rus kazak polku müdafiə edirdi. Ağdərə şəhərində kazak polkunun məhv edilməsi məqsədilə Ağdərə şəhəri 2 iyulda müasirəyə alındı. Ağdərə (saat əqrəbilə) şimaldan 778, 235, 224, MB-1, MB-2; şimal-şərqdən “Milli Qurtuluş”, Gəncə və Xanlar batalyonları; şərqdən 123-cü alay, OMON, Bərdə-Elçin Əliyevin batalyonu, Bərdə “Azadlıq” batalyonu, 1-ci Goranboy batalyonun 1-ci bölüyü; cənub-şərqdən Daxili Qoşunlar alayı, “Qatır Məmməd” batalyonu, Ağdam xüsusi təyinatlı polis batalyonu və Zaqatala batalyonu; cənubdan - Ağdam 836-cı alayı, 820 saylı Lənkəran alayı, 708-ci briqadanın bölmələri; qərbdən 1-ci və 2-ci Goranboy batalyonları tərəfindən müasirəyə alınmışdı.

Komandanlığın əmrinə əsasən 4 iyul 1992-ci il saat 4:50-də Azərbaycan Ordusu tərəfindən mühasirəyə alınmış Ağdərəyə ilk olaraq şimal-şərqdən - “Milli Qurtuluş” batalyonu; şərqdən - 123-cü alayın tank batalyonu, 123-cü alayın 1-ci batalyonu və OMON bölmələri daxil olmuşdular. Təəssüf ki, kazak polku Ağdərənin mühasirəyə alınmasını anlamış və 2 gün öncə qaçmaqla canlarını qurtara bilmişdilər.
Hər üç istiqamətdə qoşunlarımız qarşılarına qoyulmuş bütün döyüş vəzifə və tapşırıqlarını yerinə yetirmişlər. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək, qaçmaqla xilas olmağa çalışır, lakin təqib olunur və pusqularımıza düşərək məhv edilirdi.

Ağdərə əməliyyatı zamanı, 18 iyun 1992-ci ildə Sırxavənd-Kiçan yaşayış məntəqələri uğrunda gedən döyüşlərdə Azərbaycanın Milli Qəhramanı (ölümündən sonra) Ağdam 836 saylı özünümüdafiə alayın komandiri polkovnik-leytenant Şirin Mirzəyev Şəhid olmuşdu.

9 iyul 1992-ci ildə Azərbaycan hökuməti Roma sülh danışıqlarının 4-cü raundu ərəfəsində xoşməramlı addım ataraq, cəbhədə bir ay müddətli birtərəfli atəşkəs elan etdi. Buna qədər ordumuz Ağdərə şəhəri və 3 şəhər tipli qəsəbə daxil olmaqla, Ağdərə rayonun 43 yaşayış məntəqəsini azad etmişdi. Rayonun daha 10 yaşayış məntəqəsi 92-ci ilin avqust-sentyabr ayları ərzində azad olundu və Tərtər-Kəlbəcər yolu açıldı.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics